GDU-nin Fəxri Professoru Quliyev Əliqulu Umud oğlu 18 oktyabrı 2022-ci ildə vəfat etmişdir.

Gəncə Dövlət Universitetinin Riyaziyyat – informatika fakültəsinə ağır itki üz vermişdir. Fakültənin Fəxri Professoru Quliyev Əliqulu Umud oğlu 18 oktyabrı 2022-ci ildə vəfat etmişdir.

Quliyev Əliqulu Umud oğlu 1939-cu ildə İmişli rayonunun Sarıxanlı kəndində sadə zəhmətkeş bir ailədə dünyaya göz açmış, hələ dünyaya gəlməmiş atasını itirmiş, 7 yaşında ikən taleh onu anadan da məhrum etmişdir. Bir-birindən bir yaş fərqi olan üç bacısı ilə birlikdə yetimçilik həyatı ilə üzləşmişdir. Ağır əzab əziyyətlər və məşəqqətli həyat tərzi keçirən başsız ailə İmişlinin sərt qışını və yandırıcı yayını qonşuların qarğı-qamışdan düzəltdikləri komada, təbiətin insanlığa bəxş etdiyi göy pencər və hərdən bir də tapanda, cımıx yeməklə yavaş-yavaş dirçəlirdi. Əliqulunun 9 yaşı olarkən artıq özündən böyük bacıları kolxoz işinə, özü isə məktəbə gedirdi. Köçəri həyatı keçirən Sarıxanlılar yenicə rayonun «Küdrü» adlanan çılpaq bir ərazidə məskunlaşmışdılar. Müharibədən yenidən çıxmış Azərbaycanın digər regionları kimi İmişli rayonunun yeni oturaq həyata qədəm qoyan sakinləri də aclıq və səfalət içində çabalayırdı. Belə bir zamanda ayağyalın, başıaçıq Əlqulu da məskunlaşdıqları ərazidə yenicə təşkil olunmuş ibtidai məktəbin birinci sinfinə gedirdi. Doğrudan da, xalq arasında deyirlər ki, «yetim böyüyər ancaq əzrailin pisliyi özünə qalar». Yayın istisindən zənciyəbənzər körpə , Əliqulu da böyüyürdü.

Artıq kənd salınıb, məktəb əvvəlcə 8 illik, bir qədər sonra 10 illik olanda Əlqulu yaxşı oxuduğu üçün kənddə nümunə göstərirdilər. Nəhayət, zaman öz axarı ilə gəlib keçdi, Əliqulu da orta məktəbi əla qiymətlərlə bitirib 1959-cu ildə Kirovabad Dövlət Pedaqoji İnstitutunun (hazırki Gəncə Dövlət Universitetinin) fizika-riyaziyyat fakültəsinə qəbul olundu. 1964-cü ildə İnstitutu fərqlənmə diplomu ilə bitirən gənc Əliqulu müəllim yeni ailə qurduğu Zenfira xanımla birlikdə Ağdaş rayonuna təyinat götürdü.

Ağdaş Maarif şöbəsi gənc ailəni, elə bir il sonra Respublikada ad-san qazanmış Xaldan orta məktəbinə göndərdi. Əliqulu müəllim orta məktəbdə işləməklə yanaşı 1966-cı ildə Azərbaycan Elimlər Akademiyasının Riyaziyyat-Mexanika İnstitutunun aspiranturasına qəbul olundu. 1967-ci ildə müsabiqədən keçərək bitirdiyi İnstitutda müəllim təyin olundu.

Budur , 50-ci ilə qədər köçəri həyat tərzi keçirən Sarıxanlı kəndindən Əliqulu müəllim ilk ali təhsilli mütəxəssis və ilk İnstutut müəllimi kimi fəaliyyətə başlayır.

1974-cü ildə Ə.Quliyev aspirant olduğu Riyaziyyat-Mexanika İnstutunda «Məxsusiyyəti olan polinomial əmsallı adi diferensial tənliklərin ümumiləşmiş funksiyalar fəzasında həlli» mövzusunda dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alır. Onun yaradıcılıq işini görkəmli riyaziyyatçılar Q.E.Şilov, C.Allahverdiyev, F.Maqsudov və başqaları yüksək qiymətləndirmişlər. Bu o dövrə təsadüf edir ki, artıq 5 ildir hakimiyyətə gəlmiş əvəzolunmaz şəxsiyyət Heydər Əliyev Respublikada elmin və mədəniyyətin inkişafını öz himayəsinə götürərək ona böyük diqqət yetirirdi.

Əliqulu müəllim dissertasiya müdafiəsinə onun kolxozçu bacıları ilə birlikdə, demək olar ki, bütün kənd axışıb gəlmişdi. Bu onun doğma kəndində böyük sensassiya yaratmışdır, çünki həmin vaxt kənddə varlı-hallı, adlı-sanlı kişilərin övladları bu pilləyə ucala bilməmişlər və o, təkcə kənddə deyil, İmişli rayonunda pərvazlanıb uçan ilk qaranquş idi.

Həmin dövrdə rayonda çıxan «Qızıl ulduz» qəzeti Əliqulu müəllimə həsr etdiyi böyük həçmli «İmişlinin ulduzu» adlı məqaləsində yazılmışdır… «Çoban oğlu taleyin İmişli əhlinə bəşx etdiyi ilk alimdir».

Əliqulu müəllim artıq 42 ilə yaxındır ki, tələbələrin təhsili və təlim-tərbiyəsi ilə məşğul olur. Öz peşəkarlığı, tələbkarlığı ilə seçilən Əliqulu müəllim professor-müəllim heyətinin, tələbələrin dərin hörmət və rəğbətini qazanmışdır.

 Əliqulu müəllim uzun müddət Rİyazi analiz kafedrasına, sonralar Riyaziyyat-informatika fakültəsinə başçılıq etmiş, Azərbaycanda və xarici ölkələrdə 100-dən çox elmi əsərlər çap etdirmişdir. O, iri həcmli bir monoqrafya və tələbələrin istifadəsinə verilmiş 10 dərs vəsaitinin müəllifidir.

Əliqulu müəllimin səmərəli elimi-pedaqoji fəaliyyətinə görə dəfələrlə Universitet rektorunun təşəkkür və fəxri fərmanına, 1999-cu ildə Azərbaycan Respudlikası Təhsil Nazirliyinin təşəkkürünə, 2004-cü ildə fəxri fərmanına layiq görülmüşdür.  Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2009-cu il tarixli fərmanı ilə Respublika üçün müəllim kadrları hazırlanmasında fəaliyyətinə görə Ə.U.Quliyev «Tərəqqi medalı» ilə təltif olunmuş, Azərbaycan Respudlikası Təhsil Nazirliyinin 9 dekabr 2014-cü il  əmri ilə “Qabacıl təhsil işçisi” döş nişanı ilə, Azərbaycan Respublikası Prezidentinin 31 oktyabr 2018-ci il tarixli sərəncamı ilə “Əməkdar müəllim” adına layiq görülmüşdür.

Gəncə Dövlət Universitetinin və eləcə də Riyaziyyat-informatika fakültəsinin inkişafında Əliqulu müəllimin rolu əvəzsiz olmuşdur.

ALLAH RƏHMƏE ELƏSİN