Novruz gəlir, yaz gəlir…

Təbiətin oyandığı, canlandığı zamanın yaxınlaşmasına çox az günlər qalıb. Bu ərəfədə insanların üzündə təbəssüm yaranır. Hər kəs nələrinsə ardınca qaçmağa başlayır. Lakin bu təlaşlaşlar Novruzu qarşılamağa görədir. Küsülülər barışır, qohumlar və qonşular bir-birinin evinə gedir Novruz bayramında.

Martın 21-də gecə-gündüz bərabərləşir. Novruzdan əvvəlki son 4 çərşənbəyə ölkəmizdə xüsusi əhəmiyyət verilir. Novruza yaradılışının mərhələlərini işarələyən 4 ünsür bunlardır; (su, od, külək və torpaq). Bu bayramın tarixi çox qədimlərə dayanır. Mənbələrdə ulu Zərdüşt dinindən gəldiyi qeyd olunur. Eyni zamanda bu bayram Hicri-şəmsi və Bəhai dininin təqvimində də yeni ilin ilk günü kimi qeyd olunur. Çünki yazın gəlişi təbiətin oyanması yeni fəsilə giriş kimi hesab edilir. Hətta buna görə Novruzun əkinçilər bayramı olduğu da deyilir.

Novruz ümumxalq bayramı kimi uzun əsrlərdən bəri yurdumuzun hər bir guşəsində müxtəlif el şənlikləri və mərasimlərlə qarşılanır. Ulu Tanrıya, kainatın nizamına və ana təbiətə sonsuz sevginin parlaq ifadəsi olan bu bayramın qədim ənənələrinin bütün rəngarəngliyi ilə qorunub saxlanılması Azərbaycan xalqının öz tarixi-mədəni keçmişinə yüksək ehtiramını və milli-mənəvi dəyərlərə dərin bağlılığını nümayiş etdirir.

Sizi Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, bu əziz bayram günlərində hər birinizə bahar əhval-ruhiyyəsi, cansağlığı və səadət arzulayırıq.