27 sentyabr ANIM GÜNÜ

Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqların azad edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinə başlayıb.

2020-ci ilin sentyabrın 27-də İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başlayıb.

Azərbaycan Ordusu döyüşlərin ilk günündən düşmən üzərində böyük üstünlük qazanaraq, işğalçı qüvvələri torpaqlarından qovmağa, ərazilərini düşmən qüvvələrdən təmizləməyə müvəffəq oldu.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-i Azərbaycanda Anım Günü kimi qeyd olunmuşdur.

Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirib. Azərbaycan Ordusunun əks-hücumları qarşısında aciz qalan düşmənin günahsız mülki insanları hədəfə alması, çoxsaylı müharibə cinayətləri xalqımızı qələbə əzmini sarsıda bilməyib.

Biz qurtuluş savaşında minlərlə şəhid vermişik, həmvətənlərimiz arasında itkin düşənlər, yaralanaraq sağlamlığını itirənlər var. Torpaqlarımız işğaldan qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı-canı bahasına azad edilib. Müzəffər Ordumuzun bu gün yazdığı tarix sabahımız üçün möhkəm bünövrədir.

Prezident İlham Əliyevin Sərəncamında deyildiyi kimi, xalqımız və dövlətimiz mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur. Bu, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə vəfa borcumuzdur.

            Allah bütün şəhidlərimizə rəhmət eləsin!