

16.03.2026-cı il tarixinsə Gəncə Dövlət Universitetinin (PHŞ) Riyaziyyat və informatika fakültəsində xalqımızın ən əziz bayramlarından olan Novruzun gəlişinə həsr edilmiş “Xoş ovqat” adlı möhtəşəm tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə açan GDU-nun Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva “Novruz – Milli kimliyimizin və varisliyinin rəmzi” mövzusunda çıxış edərək, bu bayramın xalqımızın mənəvi dünyasındakı yerindən danışıb. O qeyd edib ki, Novruz təkcə fəsil dəyişikliyi deyil, həm də birliyimizin, mehribanlığımızın və qədim adət-ənənələrimizin gələcək nəsillərə ötürülməsinin rəmzidir. Fakültə tələbələri hazırladıqları zəngin proqramla tədbirə xüsusi rəng qatıblar. İnformatika müəllimliyi II kurs tələbəsi Nəzrin Salmanovanın ifasında təqdim olunan “Qaval rəqsi” və I kurs tələbələrinin ifasındakı “Nəlbəki rəqsi” , Məmmədli Amin, İmanov Nicat və Səmədova Məryəmin ifasında “Sarışınım” rəqsi tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Novruzun əsas personajlarından bəhs edən “Keçəlin axtarışı” adlı səhnəcik isə tədbir iştirakçılarına xoş anlar və bol gülüş bəxş edib. Tələbələrin (Rəbiyyə Hacıyeva, Nicat İmanov, Kənan Mədətzadə və başqaları) yüksək aktyorluq məharəti bayramın ruhunu tam dolğunluğu ilə əks etdirib.
Tədbirin bədii hissəsi musiqili nömrələrlə davam edib:
III kurs tələbəsi Aliyə Xəlilovanın ifasında “Bayram gəlir” mahnısı, Kompüter elmləri I kurs tələbəsi Mehralı Hüseynovun gitara performansı, və proqramın sonunda I və II kurs tələbələrinin birgə təqdim etdiyi möhtəşəm “Üzüm rəqsi” yüksək maraqla izləndi. Riyaziyyat və informatika fakültəsinin təşkilatçılığı ilə baş tutan bu bayram şənliyi universitet kollektivi və tələbələr arasında yüksək bayram əhval-ruhiyyəsi yaradaraq yaddaşlarda qalıb.