ZƏFƏR SƏLNAMƏSİ

03.11.2022-ci il tarixində Riyaziyyat informatika fakültəsinin tələbələrinin iştirakı ilə “Zəfər səlnaməsi” adlı möhtəşəm tədbir keçirilmişdir.

27 sentyabr 2020-ci il… O gün Azərbaycanın tarixində, qəhrəmanlıq salnaməsində yeni səhifə açdı. Bu səhifə Azərbaycan əsgərinin şücaəti, zəfər yürüşü, Ordumuzun Vətən uğrunda savaşı ilə yazıldı. Ali Baş Komandan İlham Əliyevin haqq mübarizəsinə başlamaq əmri xalqın sevincinə, coşqusuna səbəb oldu, qürurla qarşılandı. Elə ilk gündən düşmən üzərində qazandığımız hərbi uğurlar xalqımızın qələbə ovqatını daha da artırdı. Bütün xalq öz rəhbəri ətrafında sıx birləşdi. Minlərlə igid, cəsur oğullarımız mənfur düşmənlə vuruşmaq üçün səfərbərlik şöbələrinə axışdı.

Azərbaycan torpaqları qarış-qarış, kənd-kənd işğaldan azad edildi. 44 gün ərzində Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavəndin böyük hissəsini, Laçın rayonunun kəndləri daxil olmaqla 5 şəhər, 4 qəsəbə, 286 kənd, çoxsaylı strateji yüksəkliklər işğaldan azad olundu. Üçrəngli şanlı bayrağımız yenidən doğma torpaqlarımızda ucaldıldı. 

Bu gün fəxrlə söylədiyimiz həmin şanlı Qələbəni Azərbaycan Ordusunun, əsgər və zabitlərimizin yüksək peşəkarlığı sayəsində əldə etdik. Bizlər də vətəndaş olaraq torpaqlarımızın hər bir qarışının işğaldan azad edilməsi üçün canından, qanından keçən şəhidlərimizlə, qazilərimizlə, Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri ilə fəxr edir, qürur duyuruq. Bir ömür boyu onlara borclu və minnətdar olmalıyıq.  Ali Baş Komandanın “İrəli!” əmrini layiqincə yerinə yetirərək qəhrəmanlıq dastanı yazan və Şəhidlik adlı uca zirvəyə yüksələn oğullarımızı unutmamalıyıq.

8 noyabr 2020-ci il, Qarabağa qovuşduğumuz tarixi gün. Bu Böyük Qələbə Günüdür! Şanlı tariximizə daxil olan Zəfər günüdür!. Qarabağ münaqişəsinə xalqımızın zəfəri ilə NİDA! qoyduğu gündür.