Sülh günü

21 SENTYABR – BEYNƏLXALQ SÜLH GÜNÜ

2

SÜLH – əmin-amanlıq, qurub-yaratmaq, dinclik, sosial, iqtisadi və mədəni inkişaf. Sülhün carçıları isə gələcəyimiz olan uşaqlardır. Yəni uşaqlar daim açıq səma altında azad, sülh və əmin-amanlıq şəraitində, atalı-analı yaşamaq arzusunda olublar.

SÜLH – azadlıq, bərabərlik və ədalət;

SÜLH – hər bir cəmiyyətin, ümumiyyətlə, bəşəriyyətin ən çox arzu etdiyi dəyərlərdən biri.

SÜLH – poeziyamızın daimi mövzusu…

Bəşəri rəmzə çevrilmiş bir anlayış kimi sülhə yüzlərlə tərif vermək, onu yüzlərlə sözlə ifadə etmək olar. Sülhü əsrlər boyunca bəşəriyyətin ən böyük ehtiyacı da adlandırmaq olar. Bu gün üçün isə sülh yaşı milyon illərlə ölçülən dünyada milyonlarla insanın həqiqət nəğməsidir. Necə ki gündəlik yaşamaq üçün çörəyə, suya və nəfəsə ehtiyac duyuruq, eyni şəkildə bəşəriyyətin sülhə, sevgiyə və tolerantlığa ehtiyacı vardır.

Bütün gözəllikləri, maddi və mənəvi dəyərləri ilə yaşadığımız dünyanın qədrini lazımi səviyyədə bilirikmi sualına hələ də birmənalı cavab vermək mümkün deyil. Sülh şəraitində yaşamalı olan insanlar, min təəssüflər ki, haqsızlığın, amansızlığın, terrorun və müharibələrin qurbanlarına çevrilirlər. Bütün bunların qarşısının alınmasında sülhün rolu danılmazdır. Ən kiçik ailəvi, məhəlli, regional münaqişələrdən başlamış yüzillik müharibələrədək hər cür qarşıdurma yalnız sülhlə sona çatıb. Buna görə də sülh bütün vasitələrdən güclüdür. Sülhə nail olmaq isə, təbii ki, tərəflərin həqiqətləri düzgün dəyərləndirmələrindən çox asılıdır. SÜLH bəşəri rəmzə çevrilərək insanların arzu etdiyi və can atdığı bütün müsbət keyfiyyətləri özündə birləşdirən bir məfhumdur. Ona görə də dünya ölkələrinin yekdil qərarı ilə BMT 1981-ci il 21 sentyabr tarixinin Beynəlxalq Sülh Günü kimi qeyd olunması barədə qərar qəbul etmişdir. Bu əlamətdar günün əhəmiyyəti zaman keçdikcə, münaqişə ocaqları alovlandıqca üzə çıxır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin istər beynəlxalq tribunalardan, istərsə də doğma yurd-yuvasını itirmiş bir milyon qaçqın və məcburi köçkünlə görüşlərində bəyan etdiyi kimi, NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” Proqramına qoşulan respublikamız münaqişənin dinc vasitələrlə, beynəlxalq norma və prinsiplər əsasında, sülh yolu ilə həllinə tərəfdar olduğunu dəfələrlə təsdiqləsə də, təcavüzkar Ermənistan tamamilə bunun əksini göstərməkdədir.  Sülh günü Azərbaycanda da qeyd edilir. Bu münasibətlə hər il ölkəmizdə elan olunan “Sülh aylığı” çərçivəsində silsilə tədbirlər keçirilir.