Akademik Yusif Məmmədəliyevin 120 illik irsinə həsr olunmuş “İşıqlı elm yolu” elmi seminarı

28 noyabr 2025-ci il tarixində Gəncə Dövlət Universitetinin (GDU) Riyaziyyat və İnformatika Fakültəsinin Peşəkar Hazırlıq Şöbəsində (PHŞ) Azərbaycan elminin görkəmli nümayəndəsi, dünya şöhrətli kimyaçı alim, akademik Yusif Məmmədəliyevin anadan olmasının 120 illiyinə həsr olunmuş “İşıqlı Elm Yolu” adlı elmi seminar keçirilib. Tədbirdə fakültənin professor-müəllim heyəti və tələbələri iştirak edib. Seminarın əsas məqsədi neft kimyasının banisi olan Y. Məmmədəliyevin zəngin elmi irsini gənc nəslə aşılamaq, onun Azərbaycan və dünya elminə verdiyi misilsiz töhfələri xatırlatmaq olub.

         Tədbir GDU-nun Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyevanın “Akademik Yusif Məmmədəliyevin 120 illik irsi” adlı geniş məruzəsi ilə açılıb. Prorektor, alimin həyat yolunun əsas məqamlarını və elmi nailiyyətlərinin bu gün də aktuallığını qeyd edib. Riyaziyyat və İnformatika Fakültəsinin dekanı, dosent Oruc Hüseynov öz çıxışında (“Yusif Məmmədəliyevin İkinci Dünya Müharibəsinə verdiyi elmi töhfələr”) alimin vətənpərvərliyini və elmi fəaliyyətinin müharibə dövründə ölkə üçün strateji əhəmiyyətini vurğulayıb.

         Riyazi analiz kafedrasının müdiri, professor Orucəli Rzayev “Azərbaycan neft kimyasının qızıl dövrü” mövzusunda məruzə ilə çıxış edərək, Y. Məmmədəliyevin rəhbərliyi altında Azərbaycan kimya elminin zirvəyə yüksəlməsindən danışıb.

         Tədbirin proqramına əlavə olaraq, akademik Yusif Məmmədəliyevin həyat və elmi fəaliyyətini əks etdirən “Zamanın zirvəsi” adlı filmin nümayişi iştirakçılarda böyük maraq doğurub.

         Seminarın ikinci hissəsində elm irsinin yaşadılması və gələcək nəsillərə çatdırılması məsələlərinə toxunulub. Ümumi riyaziyyat kafedrasının müdiri, dosent Sübhiyyə Zeynallı “Elmi irsin yaşadılması” mövzusunda məruzə edib. Tələbələrin fəal iştirakı tədbirin ən vacib məqamlarından biri olub. 4-cü kurs tələbəsi Qənirə Rzazadə “Elm uğrunda ömür”, 3-cü kurs tələbəsi Səbinə Həsənova “Elmi kəşflərin qüdrəti”, 1-ci kurs tələbəsi Əmirova Fatimə isə “Neft kimyasının banisi” mövzularında çıxış edərək, böyük alimin şəxsiyyətinə və elmi nailiyyətlərinə olan hörmət və maraqlarını ifadə ediblər.

         Seminar iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılanıb və bir daha sübut edib ki, akademik Yusif Məmmədəliyevin adı və elmi fəaliyyəti Azərbaycan elmində əbədi yaşayacaqdır.