ƏZİZ MÜƏLLİMLƏR BAYRAMINIZ MÜBARƏK!

5 oktyabr – Beynəlxalq Müəllimlər günüdür. İlk dəfə beynəlxalq səviyyədə 1966-cı il oktyabrın 5-də YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə keçirdiyi konfransda müəllimlərin əmək şəraitini müəyyən edən “Müəllimlərin vəziyyəti haqqında” tövsiyə xarakterli sənəd qəbul edilmişdir. 1994-cü ildə YUNESKO oktyabrın 5-ni Beynəlxalq Müəllim günü kimi təsbit etmiş və bu tarix BMT-nin beynəlxalq və ümumdünya günləri sisteminə daxil edilmişdir. Dünya birliyi Beynəlxalq Müəllim gününü qeyd etməklə müəllimlərin cəmiyyətdə, təhsil sistemində və ölkələrin inkişafında artan rolunu qeyd edir.

Ölkəmizdə müəllimlər günü 1993-cü ildən qeyd edilməyə başlanıb.  Beynəlxalq Müəllimlər günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır. “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb. Onun müəllim haqqında dediyi fikirlər müəllimlərə verilən ən yüksək qiymətdir: ” Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı namınə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir”. Gələcək gənclərin, gənclər isə Müəllimlərin əsəridir!!!

Əziz müəllimlər peşə bayramınız mübarək!