31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür

Sizi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ürəkdən təbrik edir, hər birinizə uzun ömür, möhkəm cansağlığı, ailənizdə xoşbəxtlik və firavan günlər arzulayıram.

Yeni il bayramı ərəfəsində xalqımız başqa bir əziz bayramını – 31 Dekabr  Dünya Azərbaycanlılarının Həmrəylik Gününü də böyük həvəslə qeyd edir. Belə günlərdə milli duyğu və düşüncələrimiz aşıb-daşır, arzu-diləklərimiz sabaha qanad açır. Dünyanın hər yerində soydaşlarımızın fəal iştirakı ilə anamız Azərbaycanın şərəfinə təntənələr qurulur. 

Dünya Azərbaycanlılarının Həmrəylik Gününü ən yüksək səviyyədə bayram kimi qeyd etmək xalqımızın ictimai fikir tarixində əlamətdar bir hadisəyə çevrilmişdir. Hər birimiz üçün əziz və doğma bayram olan Dünya Azərbaycanlılarının Həmrəylik Günü dünyanın müxtəlif qitələrində yaşayan soydaşlarımızın birliyinin yaradılması məqsədilə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bu barədə ilk qərar 1991-ci ilin dekabr ayının 16-da ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Məclisində qəbul edilmiş və artıq 23 ildir ki, dünya azərbaycanlıları bu günü ümummilli birliyin, həmrəyliyin rəmzi kimi yüksək səviyyədə qeyd edirlər. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis edilməsi həm də müxtəlif ölkələrdə yaşayan həmvətənlərimiz arasında siyasi-iqtisadi, mədəni münasibətlərin genişlənməsinə imkan yaratmışdır.

Şübhəsiz ki, həmrəylik duyğusu bizi güclü edir, sevincimiz həyat eşqimizi yüksəldir. Şükürlər olsun ki, indi dünyanın, xüsusən Qərbin, demək olar ki, bütün ölkələrində Azərbaycan diasporu fəaliyyət göstərir. Son illərdə Azərbaycan diaspor təşkilatları öz güclərini dünya türk təşkilatlarının gücünə qataraq daha da qüvvətləniblər və öz sözlərini daha cəsarətlə deyir, haqq səsimizin dünyada daha yüksəkdən səslənməsini təmin edirlər. 

Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Ali Baş Komandanımız – cənab İlham Əliyev başda olaraq Şanlı Azərbaycan Ordusu, Azərbaycan xalqı, daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı. Bəli, bu gün eldə, obada, bütün Azərbaycanda bayram-bayrama qarışıb. Bayramınız, mübarək, əziz dostlar, əziz həmvətənlər! İlləriniz bir-birindən uğurlu gəlsin!