Şərəfli alim ömürünün 80 – ci baharı.

Описание: C:\Users\GDU2\Pictures\2021-05-04\Scan3.JPG

Fizika – riyaziyyat elmləri doktoru, professor Şəmsəddin Mütəllim oğlu Mütəllimov 1941-ci il may ayının 20-də Siyəzən rayonunun Ağ Siyəzən kəndində anadan olmuşdur. O, ibtidai təhsilini doğulduğu kənddə, 7 illik təhsilini isə qonşu Xişkədar kəndindəki məktəbdə almışdır. Mütəllimovlar ailəsinin Siyəzən royonuna köçməsi ilə əlaqədar olaraq Şəmsəddin təhsilini rayonun C.Cabbarlı adına orta məktəbində davam etdirmiş və 1958-ci ildə oranı bitirmişdir.

           II dünya müharibəsi Şəmsəddingilin ailəsindən də yan kecməmişdir. Belə ki, onun atası Mütəllim və iki əmisi bu müharibədə həlak olmuşlar. Anası Xədicə xanım atasız qalmış üç övladını boya – başa çatdırmış və onların həyatda zəhmətkeş, əqidəli, əsl vətəndaş kimi formalaşmasında böyük əmək sərf etmişdir.

           Şəmsəddin orta məktəbi bitirdikdən sonra 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin (İndiki Bakı Dövlət Universiteti) mexanika – riyaziyyat fakültəsinə daxil olmuşdur.

           Universiteti başa vurarkən Ş.Mütəllimova fakültə elmi şurasının qərarı ilə Aspiranturaya daxil olması tövsiyə edilmiş və bu məqsədlə Azərbaycan EA-nın Riyaziyyat və Mexanika Elmi – Tədqiqat İnistitutuna göndərilmişdir. 1965-ci ilin dekabrına kimi həmin institutun «Dinamiki möhkəmlik» laboratoriyasında baş lobarant vəzifəsində işləmişdir.     

           Ş.Mütəllimov 1965-ci ilin dekabrında aspiranturaya daxil olur və Moskva Dövlət Universitetinin mexanika – riyaziyyat fakültəsinin «Dalğa və qaz dinamikası» kafedrasına ezam olunur. Bu kafedranın yaradıcısı və rəhbəri iki dəfə SSRİ Dövlət Mukafatı lauriatı (1949, 1974) əməkdar elm xadimi, akademik Xəlil Əhmət oğlu Rəhmətulin (1909 – 1986) idi. X.Ə.Rəhmətulin paraşüt nəzəriyyəsinin, çevik rabitələrə bərk cisimlə zərbə nəzəriyyəsinin, bütöv mühitdə elastik – plastik, boşalma dalğaları yayılması nəzəriyyəsinin yaradıcısı və bundan başqa qrunt nəzəriyyəsində yeni elmi ideyalar yaradan böyük mexanik alim olmuşdur.

           O, 1969-cu ilin dekabrında namizədlik, 1988-ci ilin yanvarında SSRİ EA-nın Sibir bölməsində Novosibirskdə «Bərk cisimlə zərbə vaxtı cevik rabitələrdə dalğa dinamikasının bəzi məsələləri» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

           Müasir texnikanın çoxsaylı sahələrində intensiıv, qısamüddətli dinamik yüklənmənin təsiri altında işləyən çevik materiallarından düzəlmiş konstruksiyaların gərginlik vəziyyətini təyin etmək böyük əhəmiyyət kəsb edir. Belə ki, təsir yüksək sürətlə hərəkət edən cisimlərin toqquşmasından baş verirsə, bu problemi daha da aktuallaşdırır.

           Professor Ş.Mütəllimovun  çevik konstruksiyalara bərk cisimlə zərbə nəzəriyyəsində aldığı elmi nəticələr içərisində əsasən aşağıdakıları qeyd etmək olar.

           İlk dəfə olaraq kəskin dalğa cəbhəsində tam həll qurulub və əsaslı  təhlil aparılmaqla mümkün şərtlərin tam təsnifatı verilib.

           Səs sürətindən böyük hallarda prosesin bütün parametrlərini nəzərə almaqla birqiymətli həlli tapılıb və bununla elmi ədəbiyyatlarda bu sahədə mövcud olan fiziki ziddiyyətlər aradan götürülüb.

           İlk dəfə nəzəri olaraq zərbə vaxtı  çevik konstruksiyanın dağılmasının riyazi və fiziki modeli verilib; xüsusi təcrübə aparmaqla nəzəri məsələdə qəbul olunmuş riyazi modelin doğrulugu  təsdiqlənmişdir;

           İlk dəfə olaraq çevik elastik mebrana çəp zərbə məsələsinin dəqiq analitik həlli qurulub;

           İlk dəfə olaraq zərbə vaxtı səs  sürətindən böyük rejimlər üçün kəskin dalğa cəbhəsinin arxasında çevik konstruksiyada «qırışma» effekti  alınıb. Bu isə bir çox məsələlərin fiziki izahına və təsdiqinə elmi əsas yaradır; çoxşaxəli və çoxsaylı məsələlərin analitik həlli bir çox tətbiqi məsələlərin proqnozlaşdırılmasına olduqca dəyərlidir.

           Alınmış elmi nəticələrdən böyük sürətlə uçan  obyektlərin tormozlandırılmasında işlədilən layihələrdə istifadə olunan kanat (sap) və ya kanatlar  şəbəkəsinin davamlılığının hesablanmasında, nazik qalınlıqlı lövhələrin yüksək sürətlə ştamplanmasında, toxuculuq sənayesində, çevik konstruksiyaların dağılmasının əvvəlcədən proqnozunu verməkdə istifadə olunur.

           Alınmış dalğa dinamikasına dair əldə etdiyi nəticələr monoqrafiyasında və elmi məqalələrində öz əksini tapmışdır.

           Ş.Mütəllimov iqtisadi məsələlrin riyazi modelləşməsi sahəsində də əhəmiyyət kəsb edən maraqlı tədqiqat işləri aparmışdır:

           1. O, iqtisadi qarşılıqlı əlaqələri olan obyektlərdə (zavod, fabrik, istehsal müəsisələrində) istehsal olunan məhsulların artımının riyazi modelini vermişdir.

           2. Müxtəlif xalqlardan ibarət (Şəhər, ölkə,…) regionlarda yaşayan xalqların sayının təyin etməyin riyazi modelini vermişdir.

           Hər iki məsələnin həlli sabit əmsallı normal adi diferensial tənliklər sisteminin həllinə gətirilir.

           Ş.Mütəllimov 1968-ci ildə Azərbaycan EA-nın Riyaziyyat və mexanika İnstitutunun «Möhkəmlik» şöbəsində kiçik elmi işçi, sonra baş elmi işçi, və xüsusi konstruktor bürosunda «Yüksək sürətlə gedən proseslər» laboratoriyasının rəhbəri vəzifəsində işləmişdir.

           Ş.Mütəlimov 1979-cu ilin fevral ayında Gəncədə Azərbaycan Politexnik İnstitunun filalında «Ali riyaziyyat» kafedrasında baş müəllim, 1982-ci ildən dosent, 1992-ci ildən professor vəzivəsində işləmişdir.

           O, 1989 – 1990-cı illərdə Azərbaycan Texnalogiya İnistutunun Mexanika fakültəsinin dekanı, 1990 – 1992-ci illərdə «Tətbiqi riyaziyyat» kafedrasının müdiri işləmişdir.

           1992 – 1993-cü illərdə Azərbaycan Texnalogiya İnistutunun rektoru olmuşdur. 1995-ci ildə Nyu-York Elmlər Akademiyasının həqiqi üzvi seçilmişdir. 1997-ci ildə Respublika Prezidenti yanında Ali Attestasiya komissiyasında Riyaziyyat və Mexanika üzrə ekspert şurasının üzvi olmuşdur.

           80-dən artıq elmi məqalələrin, bir necə dərs vəsaitinin, metodiki göstərişlərin müəllifi olan Ş.Mütəllimov hal – hazırda Azərbaycan Texnalogiya Universitetinin «Ümumi və tətbiqi riyaziyyat» kafedrasının məsləhətçi professorudur.

           O, Respublika təhsil sisteminin forma və məzmunca keyfiyyətli inkişafının tərəfdarıdır. O, elm və təhsili millətin onurğa sütunu hesab edir.

           Şəmsəddin müəllim dövlətinə və xalqına çox bağlı bir ziyalıdır. İndinin özündə də Şəmsəddin müəllim milli dəyərlərə layiq vətənpərvər gənclərin yetişməsində böyük işlər görür. Burada hörmətli xalq şairimiz Bəxtiyar Vahabzadənin bir şerindən aşağıdakı sətirləri  qeyd etmək istəyirəm.

Yaşamaq yanmaqdır yanasan gərək,

Həyatın mənası ancaq ondadır.

Şam əgər yanmırsa, yaşamır demək,

Onun da həyatı yanmağındadır.

          Xidmətlərinə görə Ş. Mütəllimov Azərbaycan Respublikasının Təhsil Nazirliyinin, Azərbaycan Texnalogiya Universitetinin fəxri fərmanı və Universitetin 50 illik (1970 – 2020) yubileyi ilə əlaqədar Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif edilmişdir.

           Şəmsəddin müəllim bu gündə öz bilik və bacarığını yetişməkdə olan gənc nəslə verməkdən zövq alır. Burada görkəmli filosof Sokratın bir cümləsi yadıma düşür. O, qeyd etmişdir ki, dünyada hər şeyə dəyər vermək mümkündür, lakin müəllim əməyinə əsla dəyər verilə bilməz.

           Şəmsəddin müəllim işlədiyi Azərbaycan Texnalogiya Universitetinin tələbə və müəllim heyətinin dərin hörmətini qazanmışdır. Gəncə şəhəri elm ictimayəti arasında böyük nüfuza malikdir.

           Burada xalq şairi Çabir Novruzun sağlığında qiymət verin insanlara şeirini yada salmamaq olmur.

Bir arzum var, ay adamlar,

qoyun deyim,

Sağlığında qiymət verin

insanlara,

Yaxşılara sağlığında yaxşı 

deyin,

Sağlığında yaman deyin

yamanlara.

Yalnız, yalnız sağ olanda,

Hər kəs əsl qiymətini bilər onda,

           Hörmətli professorumuzu, onu sevən bütün insanlar adından 80 illik yubileyi münasibəti ilə təbrik edirik. Ona möhkəm can sağlığı, ailə səadəti arzu edirik. Arzu edirik ki, professor Şəmsəddin Mütəllimovun bütün arzuları arzu  kimi yox, hamısı həyatda öz yerini tapsın.

Dosent, riyaziyyat üzrə fəlsəfə doktoru

Hüseynov Abbas Müzəffər oğlu

Gəncə Dövlət Universiteti

Riyazi analiz kafedrasının müdiri

Dosent, riyaziyyat üzrə fəlsəfə doktoru

Kəsəmənli Hamlet Cümşüd oğlu

Azərbaycan Texnologiya Universiteti

Ümumi və tətbiqi riyaziyyat kafedrasının müdiri

Dosent, riyaziyyat üzrə fəlsəfə doktoru

Məmmədov Tahir Cəlil oğlu

Gəncə Dövlət Universiteti