BMT-nin Baş Assambleyasının 1981-ci il 30 noyabr tarixli qərarı ilə hər il sentyabrın 21-i Beynəlxalq Sülh Günü kimi qeyd edilir. Bu qərarın qəbuluna BMT-nin üzvü olan 192 ölkə səs verib. 32 ilin bütün günlərini atəş səsləri ilə qarşılayaraq yola salan Azərbaycan Respublikası və onun xalqı üçün ümid işartısı olub. Həmin müddətdə Azərbaycan xalqı ölkə ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələrinin işğalından nə zaman azad ediləcəyi və 1 milyondan çox insanın məcburi köçkün həyatına son qoyulacağı təsəllisi ilə yaşayıb.
Azərbaycan Respublikası münaqişənin sülh yolu ilə nizamlanması istiqamətində ardıcıl və mühüm addımlar atıb. Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdan görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin iradəsi ilə 1994-cü ilin mayında atəşkəs haqqında razılaşma imzalanıb. Prezident Heydər Əliyev bütün beynəlxalq təşkilatların və ali tədbirlərin ən yüksək tribunalarından Azərbaycan xalqının sülh istəyini ifadə edərək Ermənistan tərəfin başlatdığı münaqişənin danışıqlar, sülh yolu ilə aradan qaldırılmasının vacibliyini vurğulayıb. Böyük dövlət xadiminin 1996-cı il dekabr ayının 3-də ATƏT-in Lissabon sammitində elan etdiyi, bölgədə ədalətli sülhün bərqərar olunması üçün mühüm addım olan Bəyannamə təşkilata üzv olan 54 ölkə tərəfindən dəstəkləndi, lakin Ermənistanın iddialarına cavab vermədiyindən cavabsız qaldı.
Müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin apardığı müdrik siyasətin ayrılmaz tərkib hissəsi olan bu dəst-xətt təcavüzkar Ermənistana qarşı sülh danışıqlarının limiti bitənədək dəyişmədi.
Еrmənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlayan, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il noyabrın 10-da imzaladıqları Birgə Bəyanatla başa çatan Vətən müharibəsinin nəticələri regionda real sülhün bərqərar olması üçün fundamental əsaslar yaratdı. Bu əsaslar Azərbaycan xalqının və onun ən böyük maddi-mənəvi sərvətlərindən olan Silahlı Qüvvələrimizin və onun Ali Baş Komandanı İlham Əliyevin regionda yaratdığı yeni status-kvonu şərtləndirən amil oldu.