


Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının tərəfdaşlığı ilə “Gənclər Azad Sahibkarlıq Fəaliyyətində” İctimai Birliyi tərəfindən həyata keçirilən “Rəqəmsal Gələcək: Region Gənclərinin İqtisadi İnteqrasiyası” layihəsinə 1 oktyabr 2026-cı il tarixindən start verilib.
Layihənin əsas məqsədi gənclərin rəqəmsal iqtisadiyyatda iştirak imkanlarını genişləndirmək, onlara müasir texnologiyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinə başlamağın səmərəli yollarını öyrətməkdir.
Layihə çərçivəsində təşkil olunan təlimin ikinci günü 19 noyabr 2026-cı il tarixində Gəncə Dövlət Universitetində keçirilib. Təlimdə Gəncə Dövlət Universitetinin Riyaziyyat və informatika fakültəsinin tələbələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan GDU-nun Müasir Təlim Mərkəzinin müdiri, dosent İlqar Kubışov iştirakçıları salamlayaraq regionlarda rəqəmsal inkişafın əhəmiyyətindən və gənclərin bu sahədə bilik və bacarıqlarının artırılmasının vacibliyindən danışıb.
Daha sonra layihə rəhbəri Günay Həsənli çıxış edərək layihənin məqsəd və vəzifələri, eləcə də rəqəmsallaşmanın region gəncləri üçün yaratdığı yeni imkanlar və perspektivlər barədə məlumat verib.
Yerli və beynəlxalq səviyyəli təlimçi Rafət Şirəliyev tərəfindən e-ticarət və data analitikası sahələrini əhatə edən təlim proqramı təqdim olunub. Təlim zamanı iştirakçılar rəqəmsal alətlər, süni intellekt, sahibkarlıq və innovativ düşüncə istiqamətlərində maarifləndirilib.
Sonda iştirakçılara sertifikatlar təqdim olunub, seçilmiş üç gəncə isə masaüstü biznes oyunları hədiyyə edilib.