


Gəncə Dövlət Universitetində fəaliyyətə başlayan Zero Day Texnologiya Klubu artıq ilk ciddi nəticələrini ortaya qoyur.
Klub üzvlərindən formalaşan AELSA və AstraForce komandaları regionun bu günə qədər keçirilmiş ən böyük hakatonu olan NASA Space Apps Challenge 2026-da iştirak edərək iki fərqli texnoloji layihə hazırlayıblar.
NASA tərəfindən təqdim olunan 14 problem istiqamətindən seçim edən komandalar çətinlik səviyyəsinə görə ən yüksək kateqoriya olan Advanced (Qabaqcıl) səviyyəli tapşırıqlar üzərində çalışıblar.
Layihələr:
AELSA – OrbitScope: NASA-nın SPHEREx kosmik teleskopunun infraqırmızı səma xəritələrini analiz edərək səma cisimlərinin hərəkətini və dəyişikliklərini izləməyə, yeni astronomik obyektlərin aşkarlanmasını asanlaşdırmağa yönəlmiş platforma.
Komanda üzvləri:
- Cahid Məmişzadə (komanda rəhbəri)
- Hüseyn Rəsulov
- Ramil Əliyev
AstraForce – Yanğınların Vahid Təqvimi: NASA-nın MODIS və VIIRS peyk məlumatlarını birləşdirərək müxtəlif ərazilər üzrə yanğın tarixçəsini vahid təqvimdə vizuallaşdıran veb tətbiq.
Komanda üzvləri:
- Bərzamin Eyvazov
- Xaliq Quliyev
- Nihat Quliyev
Hər iki layihənin növbəti mərhələdə Azərbaycanın Açıq Hökumət Məlumatları Portalında – opendata.az platformasında təqdim edilməsi nəzərdə tutulur.
Bu nəticə ilə Zero Day, Gəncə Dövlət Universiteti tarixində ilk dəfə kosmik texnologiyalar istiqamətində iki ayrı startup təşəbbüsünün formalaşmasına zəmin yaradıb.
Bu, sadəcə bir hakaton təcrübəsi deyil, universitetdə ideyaların real layihələrə çevrilməsi istiqamətində atılan mühüm addımdır.
Zero Day – ideyadan texnologiyaya!