Gəncə Memorial Kompleksinə ziyarət təşkil olundu

15 oktyabr 2026-cı il tarixində Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Gəncə Dövlət Universiteti, Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollec, Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin müəllim tələbə-gənclərin iştirakı ilə Gəncə şəhərinin raket hücumları nəticəsində həlak olmuş dinc sakinlərin xatirəsini əbədiləşdirmək məqsədilə inşa edilən Gəncə Memorial Kompleksinə ziyarət təşkil olunub.

Ziyarət çərçivəsində Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elşən Hüseynov, Gəncə Dövlət Universitetinin tarix müəllimi Bəxtiyar Məhərrəmov və Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin müəllim kollektivi çıxış edərək Gəncə şəhərinin raket hücumlarına məruz qalması, hadisələrin tarixi əhəmiyyəti və dinc sakinlər arasında baş vermiş itkilər barədə məlumat veriblər. Çıxışlarda mülki əhaliyə qarşı törədilmiş hücumların tarixi yaddaşda yaşadılmasının, faciə qurbanlarının xatirəsinin ehtiramla yad edilməsinin və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyi vurğulanıb.

Daha sonra gənclər tərəfindən memorial kompleksin önünə gül dəstələri qoyulub, raket hücumları nəticəsində həyatını itirmiş mülki şəxslərin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Ziyarətin əsas məqsədi gənclər arasında vətənpərvərlik hisslərini gücləndirmək, tarixi yaddaşı qorumaq, Gəncənin üzləşdiyi faciələrin gələcək nəsillərə çatdırılmasına töhfə vermək və həlak olmuş dinc sakinlərin xatirəsini daim yaşatmaq olub.