17 Oktyabr – Füzuli Şəhəri Gününüdür

44 günlük Vətən müharibəsinin, xalqımızın Zəfər salnaməsinin ilk günləri Füzuli rayonunun bir neçə kəndinin azad edilməsi ilə başladı. Mübariz ordumuzun igid, çəsur əsgər və zabitləri cəbhənin digər nöqtələrində olduğu kimi, Füzuli şəhəri istiqamətində də düşmənin müqavimətini qıraraq onları geri çəkilməyə məcbur etdi. 44 günlük Vətən müharibəsinin 22-ci günü Füzuli şəhəri ilə yanaşı, rayonun daha 7 yaşayış məntəqəsi – Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri işğalçılardan təmizləndi. Ümumiyyətlə, Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş verən ən əhəmiyyətli döyüşlərdən biri oldu. Füzuli əməliyyatının nəticəsində Cəbrayıl və Xocavənd rayonunun bir sıra yaşayış məntəqələri Azərbaycan Ordusu tərəfindən azad edildi. 30 ilə yaxın işğal etdikləri torpaqlarda mürəkkəb müdafiə mövqeləri quran düşmən Azərbaycanın vətənpərvər oğullarının qəhrəmanlıqları qarşısında təslim olmaqdan başqa yolun olmadığını anladı.

Azərbaycan xalqının Lideri, Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi, rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində işğaldan azad olunan “Qarabağın Şərq qapısı” Füzuli bu gün sürətlə yenidən qurulur, inkişaf edir.