Məktəblərdə geyim tələbləri ilə bağlı vahid yanaşmanın tətbiqi beynəlxalq təcrübədə geniş istifadə olunur

1791548928_1789230779_1788437441_1784534055_1773663558_mekteb_baki_sagird_qiz

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər” dövlət ümumi təhsil müəssisələrində təhsilverənlər üçün geyim ilə bağlı vahid qaydaları müəyyən edir. Tələblərin məqsədi təhsilverənlərin geyimi ilə bağlı vahid yanaşmanın müəyyənləşdirilməsi, məktəbdə işgüzar geyim mədəniyyətinin formalaşdırılmasıdır. İşgüzar üslub müəllimin təhsil müəssisəsinin nümayəndəsi və müəyyən peşə standartlarının daşıyıcısı olduğunu vurğulayır. Bu, tədris zamanı lazım olan iş mühitini qorumağa kömək edir. Vahid yanaşmaya uyğun geyim məktəb daxilində korporativ idarəetmə mədəniyyətinin formalaşmasına və güclənməsinə xidmət edir. Müəllimlərin işgüzar üslubda görünməsi məktəbin ictimai nüfuzuna müsbət təsir göstərir. Vahid yanaşmaya uyğun geyim məktəbin ümumi idarəçilik fəlsəfəsinin və təşkilati dəyərlərinin vizual ifadəsinə çevrilir. Sadə və səliqəli işgüzar üslub şagirdlərin diqqətinin dərs prosesindən yayınmasının qarşısını almağa kömək edir. Geyim müəllimin ünsiyyətinə və dərsin idarə olunmasına maneə olmamalıdır. Geyimdə peşəkarlıq və standartlara uyğunluq müəllimin pedaqoji nüfuzunun qorunmasına xidmət edir. Müəllimin görünüşü isə şagirdlərdə məktəb mühitinə, davranış mədəniyyətinə və peşəkar ünsiyyət normalarına münasibətin formalaşmasına təsir edən amillərdən biridir.

Təhsilalanlar üçün vahid forma və təhsilverənlər üçün işgüzar üslub həm şagirdlərin, həm də müəllimlərin təhsil prosesinə daha ciddi yanaşmasını təşviq edir. Bu, məktəbdaxili münasibətlərə və müəllimlərin valideynlər və şagirdlər tərəfindən qəbul edilməsinə müsbət təsir göstərir. Geyimin qiymətinə, dəbə uyğunluğuna, dəyişmə tezliyinə olan izafi marağı azaldır. Tələblərə uyğun geyim təhsil prosesinə məsuliyyətli yanaşmanı təşviq edən amillərdən biridir.

Dəyişikliklər dövlət ümumi təhsil müəssisələrində təhsilverənlər üçün geyim tələblərinə dair vahid yanaşmanın təmin edilməsinə yönəlib. Məktəblərdə geyim tələbləri ilə bağlı vahid yanaşmanın tətbiqi beynəlxalq təcrübədə geniş istifadə olunur. Tətbiq edilən yanaşma təhsil idarəçiliyi və məktəbdaxili təşkilati qaydalar çərçivəsində həyata keçirilir, məktəbdaxili nizam-intizam və təşkilati idarəetmənin gücləndirilməsinə xidmət edir.

 “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.2-1-ci maddəsinə əsasən ümumi təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərindən biri millilik və dünyəvilikdir (yəni – milli və ümumbəşəri dəyərlərin qorunması və onların dialektik vəhdətinin təmin edilməsi əsasında dünyəvi ümumi təhsil sisteminin yaradılması və inkişaf etdirilməsi).

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19.2-ci maddəsinə əsasən:

– Valideynlər (onları əvəz edən şəxslər) qarşılıqlı razılıq əsasında uşaqları özlərinin dini əqidəsinə və dinə münasibətinə uyğun tərbiyə edə bilərlər.

– Uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağandır;

– Uşaqların dini tərbiyəsi onların fiziki və psixi sağlamlığına mənfi təsir göstərməməlidir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 21 sentyabr tarixli 309 nömrəli Qərarı ilə “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”nə əlavə edilmiş yeni tələblərə əsasən:

 – Təhsilalanların müəyyən edilmiş geyim formasının vahidliyini pozan, habelə ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadə edilməsinə yol verilmir;

– Azərbaycan xalqının tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı keçirilən tədbirlərdə məktəbin Pedaqoji Şurasının qərarı ilə milli geyimlərdən və ya milli geyim elementlərindən istifadə edilməsinə yol verilir;

– Valideynlər və ya digər qanuni nümayəndələr övladları (qəyyumluğunda və ya himayəsində olan şəxslər) tərəfindən geyim forması ilə bağlı tələblərə riayət olunmasını təmin etməlidirlər.

  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 6 oktyabr tarixli 325 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”:

– Təhsilverənlər əmək funksiyalarını yerinə yetirdikləri müddətdə məktəbdə, habelə məktəbi təmsil etdikləri məktəbdənkənar rəsmi və təntənəli tədbirlərdə bu Tələblərə riayət etməlidirlər;

– Azərbaycan xalqının tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı keçirilən tədbirlərdə məktəbin Pedaqoji Şurasının qərarı ilə milli geyimlərdən və ya milli geyim elementlərindən istifadə edilməsinə yol verilir;

– Təhsilverənlərin geyimi, o cümlədən istifadə etdikləri geyim elementləri ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmalıdır;

– Təhsilverənlərin geyimi mövsümə uyğun təmiz, səliqəli, sadə və işgüzar üslubda (fiziki tərbiyə, çağırışaqədərki hazırlıq, texnologiya, fizika, kimya və biologiya fənlərinin tədrisi zamanı tədris məşğələsinin xarakterinə və iş şəraitinə uyğun funksional və rahat geyimlərdən istifadə edilməsi istisna olmaqla) olmalıdır;

– Geyimin ölçüsü və forması təhsilverənin əmək funksiyasının icrasına mane olmamalıdır;

– Təhsilverənlərin əmək funksiyalarını yerinə yetirdikləri müddətdə məktəbin işgüzar mühitinə, pedaqoji fəaliyyətin xarakterinə və təhsilalanların yaş xüsusiyyətlərinə uyğun olmayan, həmçinin bu Tələblərlə müəyyən edilmiş geyim üslubundan kənara çıxan geyimlərdən (geyim elementlərindən) istifadə etməsinə yol verilmir.