QƏHRƏMANLAR UNUDULMUR

4 noyabr 2022-ci il Riyaziyyat-informatika fakültəsidə əlamətdar gün idi. Bu əlamətdar günün səbəbi 2005-2009-cu ildə Gəncə Dövlət Universitetinin riyaziyyat-informatika fakültəsinin Riyaziyyat ixtisasında təhsil almış Şəhid Vidadi İsrafilovdur.

Vidadi İsrafilov 8 iyun 1987-ci ildə Daşkəsəndə anadan olub. 2005-2009-cu ildə Gəncə Dövlət Universitetinin riyaziyyat-informatika fakültəsində təhsil alandan sonra təyinatla kəndinə müəllim olaraq qayıtdı. Sonradan yenidən Gəncəyə köçmüşdü. Ailəli və 2 övlad atası idi.

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Vidadi İsrəfilov Füzuli, Cəbrayıl və Şuşa şəhərlərinin işğaldan azad edilməsində iştirak edib. O, 9 noyabr 2020-ci ildə Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub. 12 noyabr 2020-ci il tarixdə Gəncə Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vidadi İsrafilov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Vidadi İsrafilov ölümündən sonra “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Vidadi İsrafilov ölümündən sonra “Cəsur döyüşçü” medalı ilə təltif edildi.

Riyaziyyat-informatika fakültəsinin 414 nömrəli auditoriyası Şəhid Vidadi İsrafilovun adını daşıyır. Auditoriyada onun xatirəsini əks etdirən gülşə yaradılmışdır.

Bu gün Şəhidin valideyinləri və övladı balaca Xatun, fakültə dekanı Oruc Hüseynov, fakültənin müəllimləri və tələbələri bu açılışda iştirak etdilər.