Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir.
Xalqımız illərlə arzusunda olduğu və 1991-ci ildə bərpa etdiyi müstəqilliyini ötən əsrin 90-cı illərinin əvvəllərində itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Respublikanı hakimiyyət böhranı, xaos, özbaşınalıq, anarxiya bürümüşdü. Müqəddəs və əzəli torpaqlarımız bir-birinin ardınca işğal olunurdu. Daim xalqının ən ağır günündə onun imdadına yetişən əbədiyaşar lider, Türk dünyasının böyük oğlu Heydər Əliyev Bakıda 1990-cı ilin qanlı 20 Yanvar hadisələri baş verdiyi ilk dəfə olaraq bu zülmə qarşı etiraz səsini ucaltdı. Doğma Vətəninə qayıdan Ümummilli Lider həmin dövrdə ağır iqtisadi-sosial problemlərlə üzləşən muxtar respublikada qısa müddətdə iqtisadi sabitlik yarada bildi. Bütün Azərbaycan vətəndaşları əmin idi ki, xalqımızı düşdüyü mürəkkəb vəziyyətdən yalnız ulu öndər Heydər Əliyev çıxara bilər. Ümummilli Lider yaranmış çətin anda dövlətin və dövlətçiliyin qorunması məsuliyyətini öz üzərinə götürdü. 1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və ölkəmizi ictimai-siyasi böhrandan və vətəndaş müharibəsi təhlükəsindən xilas etdi. Həmin gün sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu və böyük qurtuluşa doğru mühüm addım atıldı. Bununla da Azərbaycanın müasir tarixində ən uğurlu mərhələ başladı. Azərbaycanın yeni tarixində dönüş başladı və bu tarix sözün həqiqi mənasında xalqımızın qurtuluşunun başlanğıcı oldu. Bu qayıdışla milli dövlətçiliyimiz məhv olmaqdan qurtuldu. Heydər Əliyev ilk öncə vətəndaş müharibəsinin qarşısını alaraq qısa müddət ərzində ölkəni yaranmış ictimai-siyasi böhrandan çıxardı, qanunların aliliyini təmin edən hüquqi dövlət quruculuğu prosesini sürətləndirdi və dövlətimizin beynəlxalq aləmdə imicinin yüksəlməsinə xidmət edən müstəsna addımlar atdı.