Gəncə Dövlət Universitetinin Riyaziyyat informatika fakultəsində “Microsoft Teams” proqramı vasitəsilə 20 yanvar faciəsinin 31-ci il dönümünə həsr olunmuş “20 yanvar – Azərbaycan xalqının qəhrəmanlıq səlnaməsi” adlı tədbir kecirilmişdir. Tədbirdə Universitetin humanitar işlər üzrə prorektoru dos.G.Fətəliyeva, İRF şöbəsinin müdürü A.Qasımova, fakultənin dekanı dos.O.Hüseynov, dekan müavini N.Bəşirova və fakultənin tələbələri iştirak etmişlər. Tədbirdə ilk olaraq humanitar məsələlər üzrə prorektor dos. Gülsüm Fətəliyeva çıxış edərək bildirmişdir ki, Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 yanvar hadisələrindən artıq 31 il keçir. Keçmiş Sovet Ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaq. G.Fətəliyeva bildirmişdir ki, 20 Yanvar faciəsinin əsl qiymətinin verilməsi istiqamətində mübarizəsini davam etdirən Ümumilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət vermişdir.
Fakultənin dekanı dos.O.Hüseynov çıxış edərək bildirmişdir ki, vaxt keçdikcə, o qanlı faciədən zaman kontekstində uzaqlaşdıqca, qanlı Yanvar hadisələrinin səbəbləri, bu hadisələrin günahkarları, onlara yardım edənlər, verilmiş yanlış qərarlar və onların törətdikləri ağır fəsadlar, üzləşdiyi bütün haqsızlıqlara və ədalətsizliklərə baxmayaraq, Azərbaycan xalqının göstərdiyi böyük qəhrəmanlıqlar haqqında dolğun və əhatəli fikir yürütmək daha asan olur. 20 Yanvar hadisələrinin ildönümü ərəfəsində yenidən bu hadisələri təhlil etmək, onu düzgün qiymətləndirməklə, həm xalqımızın tarixində çox mühüm əhəmiyyəti olan bu məşəqqətli olaylara yenidən nəzər salırıq, həm də bu qəhrəmanlıq salnaməsinin müəlliflərini – şəhidlərimizin xatirəsini yad edirik.
Tədbirdə həmçinin fakultənin THT sədri N.Əlili “Qanlı Yanvar gecəsi” mövzusunda çıxış etmişdir. Həmçinin fakultənin tələbələri Qurbanova Laləzar “Şəhidlər” şerini, İsmayılova Ləman “Qanlı yanvar” mövzusunda çıxış etmiş, Mehdiyeva Duman “Ağla qərənfil” şerini, Məmmədova Elmira “Qanlı gecə”, Qurbanzadə Tacirə “20 yanvar – hüzn günü” mövzusunda çıxış etmişlər.