

Gəncə Dövlət Universitetində “Riyazi analiz” mövzusunda konfransın yekun mərasimi keçirilib
23.04.2026-cı il tarixində Gəncə Dövlət Universitetinin Riyaziyyat və informatika fakültəsində Tələbə Elmi Cəmiyyəti (TEC) xətti ilə fundamental elmlərə həsr olunmuş “Riyazi analiz” mövzusunda konfransın yekun mərasimi keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca ölkəmizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda Gəncə Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə, Riyaziyyat və informatika fakültəsinin dekanı Oruc Hüseynov, Keyfiyyət Təminatı Mərkəzinin müdiri İsmayıl İsmayılov, İnnovasiyalar Departamentinin müdiri Vasif Həsənov, Tələbə Elmi Cəmiyyətinin sədri Lalə Ələkbərova, İnformatika və cəbr kafedrasının müdiri İlqar Cabbarov, Ümumi riyaziyyat kafedrasının müdiri Sübhiyyə Zeynallı, dekan müavinləri Rauf Məmmədov, Nurəngiz Bəşirova, dosent Nazim Neymətov, dosent Tahir Məmmədov, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən Elm və innovasiyalar üzrə prorektor Pərvin Kərimzadə fundamental elmlərin, xüsusilə riyazi analizin elmi təfəkkürün formalaşmasında, tədqiqat bacarıqlarının inkişafında və müasir elmi-texnoloji tərəqqidə mühüm rol oynadığını vurğulayıb. O, bu cür elmi konfransların tələbələrin nəzəri biliklərinin möhkəmləndirilməsi, analitik düşüncə qabiliyyətinin inkişaf etdirilməsi və onların gələcək akademik fəaliyyətə hazırlanması baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd edib.
Tədbirdə çıxış edən Riyaziyyat və informatika fakültəsinin dekanı Oruc Hüseynov tələbələrin elmi fəaliyyətə göstərdikləri yüksək marağı və təqdim etdikləri məruzələrin səviyyəsini yüksək qiymətləndirib. O bildirib ki, gənclərin riyaziyyat və informatika sahəsində fundamental biliklərə əsaslanan çıxışları onların gələcək elmi potensialından xəbər verir. Dekan bu tip konfransların tələbələrin həm nəzəri, həm də praktik biliklərinin inkişafına mühüm töhfə verdiyini vurğulayaraq, belə tədbirlərin fakültədə davamlı xarakter daşımasının vacibliyini qeyd edib.
Daha sonra tələbələr ingilis dilində hazırladıqları elmi məruzələrlə çıxış ediblər. Ümumilikdə 11 tələbənin iştirak etdiyi konfransda təqdim olunan məruzələr əsasən riyazi analiz və onun müasir tətbiq sahələrinə həsr olunub.
Tələbələr öz çıxışlarında riyazi analizin fundamental istiqamətlərinə aid olan funksiyalar və onların xassələri, limit, törəmə, inteqral, sonsuz sıralar, diferensial tənliklər, funksiyaların qrafik analizi və tətbiqi məsələlər kimi mövzulara toxunublar. Bununla yanaşı, riyazi analizin informatika, süni intellekt, məlumatların analizi, modelləşdirmə və müasir texnologiyalarla inteqrasiyası istiqamətində tətbiqi imkanları da geniş şəkildə təqdim olunub.
Məruzələr zamanı tələbələr nəzəri biliklərin praktiki tətbiqini ön plana çəkərək, riyazi analizin müasir elmi araşdırmalarda və texnoloji yeniliklərdə əhəmiyyətini nümunələr əsasında izah ediblər. Bu isə gənclərin yalnız nəzəri biliklərlə kifayətlənmədiyini, eyni zamanda həmin biliklərin praktik sferada tətbiqinə xüsusi maraq göstərdiklərini nümayiş etdirib.
Tədbirdə çıxış edən İnnovasiyalar Departamentinin müdiri Vasif Həsənov elmi potensiala malik gənclərin bu cür konfranslarda iştirakının onların gələcək akademik və peşəkar inkişafında mühüm rol oynadığını bildirib. O, tələbələrə müxtəlif layihələr, innovativ proqramlar və elmi təşəbbüslərə qoşulmaq imkanları barədə ətraflı məlumat verərək, onların gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsində tövsiyələrini bölüşüb.
ÇIXIŞLAR :
Tələbə:Sona Zeynalova Elsevər qızı. Riyaziyyat-İnformatika (rəqəmsal bacarıqlar) müəllimliyi. 1¹.
Mövzu: Teylor düsturunun köməyi ilə funksiyanın maksimum və minimumlarının araşdırılması.
Rəhbər müəllim:Nurəngiz Bəşirova
Tələbə:Səbinə Həsənova Abbas qızı
Riyaziyyat və informatika müəllimliyi- 3¹
Mövzu: Asılı olmayan sınaqlar ardıcıllığı üçün Bernulli düsturu və Asimptotik düsturlar. Puasson və Muavr-Laplas teoremləri.
Rəhbər müəllim: Tahir Məmmədov
Tələbə:Muradova Nərmin Zirəddin qızı.
Riyaziyyat-İnformatika(rəqəmsal bacarıqlar) müəllimliyi – 1-ci kurs.
Mövzu :Müəyyən inteqralın təqribi hesablanması üsulları
Rəhbər müəllim:Nurəngiz Bəşirova
Tələbə:Aytac Cəlil Bəhruz qızı Riyaziyyat və informatika müəllimliyi-2¹
Mövzu:Funksiyanın Limiti
Rəhbər müəllim: Bahar Vəliyeva
Sonda tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkür bildirilib, konfrans iştirakçılarına sertifikatlar təqdim olunub və xatirə şəkli çəkdirilib.