“NOVRUZ SEVİNCİ” tədbiri keçirildi

Qədim bayramlarımızdan olan Novruz milli həyat və məişətin elə ulu qaynaqları ilə bağlıdır ki, onları bir müşahidə, bir araşdırma ilə öyrənib başa çıxmaq mümkün deyildir.

Novruz sərhədləri aşdıqca, millətlər və xalqların bəşəri bayramına çevrildikcə, hərə bu bayramı öz milli məişəti ilə bağlamağa çalışmış və beləliklə Novruz haqqında Şərq dünyasında müxtəlif mülahizələr, adət-ənənələr, mərasimlər, əfsanələr, rəvayətlər və s. yaranmışdır. Hətta türk dünyasının özündə ayrı-ayrı xalqlar Novruza öz milli bədii ornamentlərini vermiş, onu özünəməxsus ümümxalq bayramı hesab etmişdir. Lakin bütün bunlara baxmayaraq, Novruz onu keçirən xalqlar içərisində özünəməxsus başlıca cəhətlərini qoruyub saxlamışdır. Şərq xalqları Novruzu yeni ilin başlanğıcı hesab etmiş, onu bolluq, bərəkət və firəvanlığın əzəli kimi rəmzləşdirmişlər.

Novruz ulu əcdadlarımızın keçmiş bayramlarından olmuş, insana həyat verən təbiətin “dirilməsi” ilə bağlı yaranmışdır. Bu gün 21-22 marta, qışın sonu, yazın ilk gününə təsadüf edir.

İlimiz bu günə yaxınlaşdıqca insanlarda ruhi oyanış başlayır. Budaqlarda tumurcuqlar oyandığı kimi, insan ürəyində də həyat eşqi cücərir. Təbiətlə insan ruhunun oyandığı gün bir vaxta təsadüf etdiyindən qədim ellilərimiz həmin vaxtı bayram edilməsini məsləhət görmüşlər. Onlar hesab edirdilər ki, yalnız həmin günün təntənəsi xalqa həqiqi xoşbəxtlik, firəvanlıq gətirə bilər.

17.03.2025-ci il tarixində Riyaziyyat – informatika fakültəsində “Novruz sevinci” adlı tədbir keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elən edilmişdir. Sonra Ümummilli Lider Heydər Əliyev və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsininə bir dəqiqəlik sükut elan edilmişdir. Tədbirdə GDU-nun Humanitar məsələlər üzrə prorektoru dos.G.Fətəliyeva, fakültənin dekanı dos.O.Hüseynov, tədris məsələləri üzrə dekan müavini R.Məmmədov çıxış etmişlər. Tədbirdə fakültənin tələbələrinin ifasında Novruz bayramına aid mahnılar, rəqslər və səhnəciklər nümayiş olunmuşdur. THT sədri L.Paşayeva, TGT sədri Ə.İsmayılov, TGT sədr müavini X.İsmayılov, İnformatika müəllimliyi I kurs tələbələri N.Salmanova, A.Hacıyeva, G.Əfəndiyeva, Kompüter elmləri II kurs tələbəsi A.Məmmədli, Riyaziyyat və informatika müəllimliyi III kurs tələbəsi R.Hacıyeva, İnformatika müəllimliyi ııı kurs tələbəsi İmanov Nicat, Kompüter elmləri I kurs tələbələri B.Eyvazov, K.Mədətzadə, Riyaziyyat və informatika müəllimliyi I kurs tələbələri F.Məmmədova, F.Cabbarlı, H.Quliyeva, D.Quliyeva, F.Qasımova fəal iştirak etmişlər.

Biz də öz xalqımızı, universitetimizin müəllim, tələbə və bütün işçilərini Novruz Bayramı münasibətilə təbrik edirik. Qarşıdan gələn bayramları Vətənimizin işğaldan azada olan torpaqlarında keçirməyi diləyirik.

AZƏRBAYCAN XALQI, NOVRUZ BAYRAMIN MÜBARƏK!