Əziz müəllimlər, Sizi 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edirik!
Ən böyük missiyası şəxsiyyət yetişdirmək olan müəllim peşəsindən cəmiyyətin hər zaman üstün gözləntisi olub. Təhsilin keyfiyyəti müəllimin səviyyəsinə bağlıdır.
Ölkəmizdə müəllimlər günü 1993-cü ildən qeyd edilməyə başlanıb. Beynəlxalq Müəllimlər günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır. “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb. “Hər kəs öz tərcümeyi-halı, öz həyat yolu ilə məktəbin, müəllimin insanın həyatında nə kimi rolu olduğunu bilir və onu qiymətləndirməlidir. Mən isə bütün varlığımla, keçdiyim həyat yolu ilə həmişə məktəbə, müəllimə borcluyam.”
Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Prezident İlham Əliyevin bu amili dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə hərtərəfli qayğı dövlətin öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir.
XXI əsrin tələbləri baxımından Azərbaycan Respublikası vətəndaşı peşəkar keyfiyyətlərə malik müəllim amilindən bilavasitə asılıdır. Ona görə də müəllim hazırlığı və peşəkar inkişafı, işə qəbul prosesində qarşıya qoyduğumuz əsas məqsəd şəffaflığın qorunmasını və keyfiyyəti təmin etməkdir.
Təhsil inkişafın ön cəbhəsidir. Bir çox hallarda haqqında xəyali danışdığımız gələcək gözlədiyimizdən daha tez baş verir. Bu prosesə hazırlıq təhsildən başlayır və ailə ilə bərabər, müəllimlərin timsalında gerçəkləşir. Dövrün çağırışı budur ki, biz təhsilalanı gələcəyə hansı səviyyədə hazırlaya bilirik?
Müdrik kəlamda deyildiyi kimi, “Hər şey yoldan başlayır…”. Bu yolla hara gedirsən və məqsədin nədir? Müəllim bizə bu yolun başlanğıcını və məramını göstərən şəxsdir. Gələcəyin insanı bu məramla yetişir.
Əziz müəllimlər! Bir daha sizə fədakar əməyinizə görə təşəkkür edir, şərəfli işinizdə və gələcək fəaliyyətinizdə uğurlar arzulayıram!