XOCALI SOYQIRIMI – QANLI GECƏ

1992-ci il fevralın 25-də axşam saat 23:00 radələrində 366-cı alayla birlikdə ermənilər Xocalı şəhəri ətrafında döyüş mövqeyi tutmağa başladı. 50-dən artıq “Qrad” və “Alazan” tipli raketlərdən və tanklardan Xocalını iki saata qədər durmadan atəşə tutaraq təlafatlar törətdilər.

Həmin vaxt yüngül atıcı silahlarla döyüşən özünümüdafiə qüvvələri istisna olmaqla şəhər demək olar ki, müdafiəsiz qalmışdı. Şübhəsiz, bu qüvvələr ən müasir hərbi texnika ilə təchiz edilmiş, əvvəlcədən xüsusi hazırlıq keçmiş silahlı birləşmələrə müqavimət göstərməyə qadir deyildilər. Qısa müddətdə şəhəri alov bürüdü, vahiməyə düşən sakinlər evlərini tərk edib gecənin qaranlığında meşəyə tərəf üz tutdular. Qarşıda isə onları nələrin gözləməsindən tam xəbərsiz idilər. Qarqar çayı boyunca Ağdam şəhərinə üz tutan dinc əhali Naxçivanik kəndi yaxınlığında erməni yaraqlıları ilə qarşılaşdı. Gecənin zülmət qaranlığında uşaqlar, qadınlar, qocalar, əlillər şiddətli atəşə məruz qalaraq xüsusi amansızlıqla qətlə yetirildilər.

Soyqırımı törədənlər Xocalı sakinlərini misli görünməmiş qəddarlıqla öldürmüş, diri-diri yandırmış, başlarının dərisini soymuş, gözlərini çıxarmışdılar. Bütövlükdə isə erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri növbəti soyqırımı nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızcasına qətlə yetirilib. 487 nəfər şikəst olub, 1275 dinc sakin əsir götürülüb, 150 nəfər isə itkin düşüb. Bu soyqırımı aktı nəticəsində bəzi ailələr bütünlüklə məhv edilib, mülki əhali görünməmiş qəddarlıqla qətlə yetirilib, əsir götürülənlərə amansız işgəncə verilib.

Tarixi abidələri ilə fərqlənən, Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edən qədim mədəniyyətə, strateji önəmə malik Xocalı şəhəri, sözün əsl mənasında, xarabalığa çevrilib. Təkcə onu qeyd etmək kifayətdir ki, ermənilərin insanlığa sığmayan dəhşətli cinayət əməlləri nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılıb. Bununla yanaşı, şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla dağıdılıb, ümumiyyətlə, bu torpağın ən qədim sakinləri olan azərbaycanlılara aid bütün izlər silinib.

Xocalı şəhərində yerləşən dövlət və ictimai obyektlərin sayı və dəyəri ayrı-ayrılıqda müəyyən edilib.

Bütün bunlar qarşıda bizi gözləyən daha böyük itkilərin başlanğıcı oldu. Yüzlərlə qəhrəman oğullarımızı buna vadar edən yalnız və yalnız vətənə məhəbbət hissi olub. Şəhidlik-vətənpərvərliyin ən uca zirvəsidir. Ümummilli liderimiz Heydər Əliyev şəhidliyə yüksək qiymət verərək deyib: “Şəhid olanların xidməti heç vaxt unudulmayacaq, onlar qəlbimizdə daim yaşayacaqdır”.

O gecənin müdhişliyi tariximizə təkcə xocalılıların deyil, xalqımızın qanlı göz yaşları ilə yazıldı. Lakin Xocalının dərdli-naləli gecəsi barədə nə qədər yazılsa belə, yenə də müsibət və dəhşətləri olduğu kimi təsəvvür etmək çətindir!..

Ötən il 44 gün davam edən Vətən müharibəsində müzəffər Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinə layiq olduqları məşğlubiyyəti yaşatdılar. Yağı düşmən işğal etdiyi Azərbaycan torpaqlarından qovuldu. Şəhidlərimizin qisası alındı. Yurdundan, elindən illərdir uzaq salınmış soydaşlarımız artıq qaçqın deyillər. Həsrət bitdi, dərd isə qaldı. Xocalı soyqırımı yalnız Azərbaycan xalqının deyil, bütün bəşəriyyətin, insanlığın əbədi dərdi, yarası oldu. Tarix boyu bu ədalətsiz savaş unudulmayacaq.

23.02.2022-ci il tarixdə Riyaziyyat informatika fakültəsində təhsil alan tələbələrinin təşkilatçılığı və iştirakı ilə Xocalı soyqırımı ilə əlaqədar tədbir keçirildi. Tədbirdə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Universitetin humanitar işlər üzrə prorektoru dos.G.Fətəliyeva  tədbiri giriş sözü ilə açaraq Xocalı soyqırımı, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti barədə həqiqətlərin dünya birliyinə çatdırılması istiqamətində görülən işlərdən danışıb. Xocalı haqqında həqiqətin dünyada bilinməsi, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövlətinin bütün zəruri addımları atdığını qeyd edən Gülsüm Fətəliyeva  Ümummilli Lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra ölkəmizin informasiya blokadasından çıxaraq, Azərbaycan həqiqətlərinin, o cümlədən, Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasını xüsusilə vurğulayıb. 

Fakultənin dekanı dos.O.Hüseynov tədbirdə çıxış edərək 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verən hadisələrdən ətraflı danışaraq qeyd edib ki, törədilən kütləvi qırğın Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəldilmiş ənənəvi terror siyasətinin tərkib hissəsidir.

Tədbirdə THT sədri N.Əlili, TGT sədri T.Əsədov, İnformatika müəllimliyi 3 kurs tələbəsi Pənahəliyev Tərlan, Riyaziyyat informatika müıllimliyi 3 kurs tələbəsi Salahova Aysel, Riyaziyyat informatika 3 kurs tələbəsi Abdullayeva Agca, İnformatika müəllimliyi 2 kurs tələbəsi Əsədli Nərgiz, Riyaziyyat İnformatika müəllimliyi 2 kurs tələbəsi İsmayılova Mədinə, Kompüter elmləri 1 kurs tələbəsi İsgəndərova Güllər, Riyaziyyat informatika müəllimliyi 4 kurs tələbəsi Rüstəmzadə Cavid  soyqırımının səbəbləri, nəticələri barədə məlumat verməklə bərabər, həmin faciənin dəhşətlərini əks etdirən səhnələr nümayiş etdirmiş, şeirlər, musiqilər səsləndirmişlər.