1 dekabr ümumdünya QiÇS-lə mübarizə günüdür. Bu günün qeyd olunmasında asas məqsəd dünya ölkələrini problemlə mübarizədə bir araya gətirməkdir.
1988-ci ildə təsis edilmiş AİDS Günü dünya ölkələri səhiyyə nazirlərinin AİDS-in profilaktikasında əhalinin ümumi məlumatlılığının artırılmasına çağıran sammitindən sonra təsis edilib. Bundan sonra Ümumdünya Səhiyyə Təşkilatı BMT-nin dəstəyi ilə dekabrın 1-ni Ümumdünya AİDS Günü elan edib. Belə bir günün təsis edilməsi QİÇS-ə qarşı effektiv kampaniyaların birləşməsinə imkan yaradıb. Qazanılmış İmmun
Çatışmazlığı Sindromu olan xəstəlik insanların HİV virusuna yoluxması ilə başlayır. Nəticədə insanların immun-müdafiə sistemi kəskin zəifləyir və onlar bir çox xəstəliklərə asanlıqla tutulur. Artıq dünyada QİÇS-dən vəfat edənlərin sayı milyonlarla ölçülür. Azərbaycanda isə virusun daşıyıcısı ilk dəfə 1987-ci ildə aşkarlanıb. Hazırda Azərbaycanda virus yayılma surətinə görə digər ölkələrlə müqayisədə aşağı səviyyədə olsa da təhlükə davam edir. 2011-cu ilin 9 ayı ərzində Azərbaycanda HİV-ə yoluxma 412 nəfər təşkil edib. Onlardan 403-ü Azərbaycan vətəndaşı, 9 nəfəri isə əcnəbi vətəndaşdır. Qeydiyyata alınmış 403 Azərbaycan vətəndaşından 296-ı kişi, 107-i qadındır. Bu dövr ərzində QİÇS mərhələsinə keçən insanların sayı 160 nəfər olub. Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV-infeksiyasının aşkar edilidiyi 1987-ci ildən 2011-ci ilin ilin 9 ayının sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV-infeksiyası təsdiq olunmuş 3135 nəfər rəsmi qeydiyyata götürülüb. Hazırda Səhiyyə Nazirliyi tərəfindən İİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsi Respublika QİÇS-lə Mübarizə Mərkəzində davam etdirilir. Belə ki, bu virusun daşıyıcıları 2006-cı ildən ölkədə tətbiq edilən antiretrovirus terapiyaya cəlb olunublar. Hazırda onların sayı 821 nəfər təşkil edir.
Qeyd edək ki, Azərbaycanda “QİÇS haqqında” qüvvədə olan qanun 1996-cı ildə qəbul olunub. 2010-cu ildə isə qanun layihəsi yenidən işlənərək qanunvericilik bazası daha da genişlənib.Hazırda isə ölkədə xəstəliyin qarşısının alınması üçün zərərin azaldılması proqramı da həyata keçirilir.