Bilik günü

bg

Bu gün – sentyabrın 15-i təhsilimizin bayramıdır. İlk dərs günü – bilik günüdür. Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (TİAHİRK) xidmətində olan 4500-dən çox orta ümumtəhsil məktəbi, 25 universitet, 26 texnikum, kollec və litsey… qapılarını şagird və tələbələrin üzünə açacaqdır.

Sözümə ölkə başçısı möhtərəm İlham Əliyevin müdrik bir kəlamı ilə başlamaq istərdim: “Ölkəmizin hərtərəfli və sürətli inkişafını təmin etmək üçün biz sərmayəni ilk növbədə təhsilə, biliyə, gənclərimizin maarifləndirilməsinə yönəltməliyik”. Möhkəm iqtisadi təməl üzərində qurulan Azərbaycan təhsili dövlət başçısının diqqət və qayğısı sayəsində ölkənin davamlı inkişaf strategiyasının öncül istiqamətlərindən birinə çevrilmişdir.

Ulu öndərimiz Heydər Əliyevin respublikamızda elm və təhsil sistemində yaratdığı möhkəm bünövrənin yüksək diqqət və qayğının mühüm izlərinə çevrilmişdir. Ümummilli  liderimiz Azərbaycanın davamlı inkişafının yeganə yolunu məhz xalqın yüksək təhsil almasında, maariflənməsində görmüş, respublikamızda fundamental və humanitar elmlərin tərəqqisi üçün bütün zəruri tədbirləri həyata keçirmişdir.

Azərbaycan Prezidenti ilham Əliyevin son illərdəki fəaliyəti onun ulu öndərimizin əsasını qoyduğu mütərəqqi elm və təhsil ənənələrini uğurla davam etdirdiyini və yeni dövrün tələblərinə uyğun zənginləşməsini göstərir. Bu gün milli təhsilin inkişafı məsələsi öz məzmununun dəyişərək artıq həm də Azərbaycanın gələcək inkişaf modelinin əsasını formalaşdıran başlıca amil kimi gündəmə gətirilimişdir.

Dövlət başçısının fərmanı ilə Azərbaycanda “Bilik günü” təsis edilmiş, təhsil müəssisələrində iş rejimi tənzimlənmişdir. Eyni zamanda fərmanda ölkəmizin təhsil müəssisələrində təlimin keyfiyyətinin yüksəlməsinə xidmət edən səmərəli fəaliyyət sisteminin qurulması ilə əlaqədar bir sıra tədbirlər görülməsi də nəzərdə tutulmuşdur.

Dövlət başçısının 5 sentyabr 2007 – ci il tarixli “2007 – 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət proqramının 2007 – 2008-ci tədris ilində maliyyələşdirilməsi haqqında” sərəncamında gənclərin Amerika Birləşmiş Ştatları, Almaniya, Cənubi Koreya, Fransa, İngiltərə, İspaniya, Rusiya, Türkiyə və s.ölkələrdə təhsil almalarını təmin etmək məqsədilə Azərbaycan Respublikasının ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə 2,2 milyon manat məbləğində vəsait ayrılmışdır.

Həyata keçirilən tədbirlər deməyə əsas verir ki, respublika-mızın yaxın gələcəkdə dayanıqlı iqtisadi inkişaf tempini heç də neft gəlirləri hesabına deyil, məhz bilik, müasir informasiya texnologiyaları, elmtutumlu sahələrin dinamik inkişafı, güclü insan kapitalının formalaşması sayəsində təmin edəcəkdir.