Yanvarın 25-də Azercell Telekom MMC-nin prezidenti Vahid Mürsəliyev Azercellin Təqaüdçüsü adına layiq görülən tələbələrlə görüşüb. Görüşdə çıxış edən Vahid Mürsəliyev bildirib ki, bu proqram nəticəsində tələbələr Azercell-də təqaüd almaqla yanaşı telekommunikasiya sahəsi haqda biliklərini artırmaq, şirkətin korporativ tədbirlərinə dəvət almaq, müxtəlif təlimlərdə iştirak etmək və şirkətdə təcrübə keçmək imkanını əldə edəcəklər: “Azercell fəaliyyətə başladığı gündən indiyə qədər gənclərə, tələbələrə dəstək verib. Sizin üçün tələbə və təcrübə proqramları və bir sıra layihələr həyata keçirilib. Təhsil aldığınız universitetlərlə əməkdaşlıq proqramları imzalanıb. Bütün bunlar təhsilimizin inkişafına yönəlik addımlardı” – deyən şirkət prezidenti Azercell-in bundan sonra da tələbələrin yanında olacağını bildirərək, onlara təhsillərində uğurlar diləyib.
Qeyd edək ki, bu il Azercell-in Təqaüd Proqramının qalibləri sırasında Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Iqtisad Universiteti, ADA Universiteti, Azərbaycan Respublikasının Prezident yanında Dövlət İdarəçilik Akademiyası, Xəzər Universiteti, Qafqaz Universiteti, Gəncə Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi, ADNSU, AzTU, Mingəçevir Dövlət Universiteti, AzMİU və Gəncə Aqrar Universitetinin tələbələri yer alıb.
Gəncə Dövlət Universitetinin Riyaziyyat-informatika fakültəsinin Riyaziyyat və informatika müəllimliyi ixtisasının IV kurs tələbəsi Zümrüd Məlikzadə həmin Təqaüd Proqramının qalibi elan edilmişdir. Fakültənin bütün əməkdaşları onu ürəkdən təbrik edir və uğurlar diləyirlər.