




Gəncə Dövlət Universitetinin Riyaziyyat və informatika fakültəsində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva çıxışında 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdən bəhs edib. Bildirib ki, Zəfər Günü Azərbaycanın dövlətçilik tarixində müstəsna əhəmiyyətə malikdir. Bu Qələbə xalqımızın birliyini, əzmini və öz torpaqlarına bağlılığını bütün dünyaya nümayiş etdirib. Prorektor onu da vurğulayıb ki, Vətən müharibəsində əldə edilən hərbi-siyasi qələbədən sonra Azərbaycan öz tarixinin yeni və qürurverici mərhələsinə qədəm qoyub. Bu gün ölkəmiz müxtəlif sahələrdə uğurlar qazanan, güclü və qüdrətli dövlət kimi tanınır. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir, Azərbaycanın dövlətçilik qüdrəti daha da möhkəmlənir.
Gəncə Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova çıxışında 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıqdan danışıb. Bildirib ki, əldə olunan tarixi qələbə nəticəsində ölkəmizin ərazi bütövlüyü ilə yanaşı, xalqımızın milli qüruru və tarixi ədalət də bərpa olunub.
Tədbirin bədii hissəsi tələbələrin hazırladıqları vətənpərvərlik ruhunda çıxışlarla davam edib.
Sonda Riyaziyyat və informatika fakültəsinin tələbələrinin ifasında təqdim olunan “Yallı” rəqsi iştirakçılar tərəfindən maraqla qarşılanıb.