


GƏNCƏ, 23 sentyabr 2026-cı il — Xalqımızın əzm və iradəsinin, müzəffər ordumuzun qəhrəmanlığının təntənəsi olan 27 Sentyabr – Anım Günü münasibətilə Gəncə Dövlət Universitetinin Riyaziyyat və informatika fakültəsində “Zəfər tarixinin 44 günü” adlı tədbir təşkil olunmuşdur.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. .
Yığıncaqda Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva “Unudulmaz zəfərin əbədi qəhrəmanları” mövzusunda çıxış edərək tarixi Qələbəmizin əhəmiyyətindən, xalqımızın nümayiş etdirdiyi misilsiz birlikdən danışdı. Daha sonra Riyaziyyat və informatika fakültəsinin dekanı, dosent Oruc Hüseynov “Qəhrəmanlıq səlnaməsi” adlı məruzəsi ilə çıxış etmişdir. 44 günlük Vətən müharibəsinə həsr olunmuş maraqlı videoçarx nümayiş olundu.
Daha sonra İnformatika və cəbr kafedrasının professoru Mehriban Həsənova və Riyazi analiz kafedrasının müdiri, dos. Tahir Məmmədov Qarabağ müharibəsində (44 günlük Vətən müharibəsində) qazanılmış tarixi qələbədə Ali baş komandanın, Şanlı azərbaycan ordusunun misilsiz xidmətlərini qeyd etdilər.
Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm əhəmiyyət daşıyan görüşdə Vətən müharibəsi iştirakçılarının çıxışları dinləniləcək. İnformatika müəllimliyi ixtisasının III kurs tələbəsi, müharibə iştirakçısı Fuad Əkbərov “Zəfərə aparan yol”, İnformatika və cəbr kafedrasının müəllimi və mühəndis-proqramçısı, Vətən müharibəsi iştirakçısı İsmət Budaqov isə “Misilsiz Zəfər yürüyüşü” mövzusunda təəssüratlarını bölüşəcəklər.
Həmçinin tədbirdə fakültə tələbələri — Riyaziyyat və informatika müəllimliyi III kurs tələbəsi Firuzə Əhmədova “Tarixi ədalətin bərpası”, II kurs tələbəsi Aysun Məmmədova isə “Şəhadət zirvəsinə yüksələnlər” mövzusunda çıxış edəcəklər. Sonda Riyaziyyat və informatika müəllimliyi III kurs tələbəsi Xəlilova Aliyə, eləcə də Kompüter elmləri I kurs tələbələri Zeynəb İsmayılova və Hüseyn Hüseynlinin ifasında “Cənab leytenant” və “Ana, mən şəhid oldum” kompozisiyaları təqdim olunacaq.