GDU-nun professoru Orucəli Rzayev vəfat edib

Gəncə Dövlət Universitetinin (GDU) kollektivinə ağır itki üz verib. Riyazi analiz kafedrasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Orucəli Rzayev vəfat edib.

Rzayev Orucəli Hüseynqulu oğlu 1956-cı ildə anadan olmuşdur. 1963- 1973-cü illərdə Bakı şəhəri 173 N-li orta məktəbdə oxumuşdur. 1973 – 1977 – ci illərdə Gəncə Dövlət Universitetində Riyaziyyat ixtisası üzrə ali təhsil almışdır. 1977-ci ildə həmin universitetin Riyazi analiz kafedrasında riyaziyyatçı-proqramçı vəzifəsinə təyin edilmişdir. 1981-1984-cü illərdə Gəncə Dövlət Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsini icra etmişdir. 1984-cü ildə baş laborant, 1988-ci ildə Ümumi texniki fənlər kafedrasının müəllimi, sonra kafedranın baş müəllimi olmuşdur. 1987-ci ildə namizədlik, 2004-cü ildə isə doktorluq dissertasiya işini müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi almışdır.
1997-2006-cı illərdə Gəncə Dövlət Universitetinin Tədris işləri üzrə prorektoru vəzifəsində çalışmışdır.  2008-2012-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialının, 2012-2016-cı illərdə Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialının, 2016-cı ildə isə Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialının direktoru vəzifəsində işləmişdir. 2023-cü ildən Gəncə Dövlət Universitetində Riyazi analiz kafedrasının müdiri vəzifəsində çalışmışdır.

2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Orucəli Rzayev “Tərəqqi” medalı, 2016-cı ildə Təhsil Nazirliyi tərəfindən “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuşdur.
Professor Orucəli Rzayev 100-dən artıq kitabın və elmi məqalənin müəllifi olmuşdur.

Riyazi analiz kafedrasının və Gəncə Dövlət Universitetinin inkişafında və tərəqqisində xidmətləri olmuş Rzayev Orucəli Hüseynqulu oğlunun ailəsinə və yaxınlarına dərin hüznlə bağsağlığı verir, səbr diləyirik.