



30 Oktyabr 2025-ci il tarixində Riyaziyyat və İnformatika Fakültəsində Azərbaycanın qüdrətini və milli birliyini nümayiş etdirən, tariximizin şanlı səhifəsi olan 8 Noyabr – Zəfər Gününə həsr olunmuş möhtəşəm tədbir keçirildi. Fakültənin professor-müəllim heyəti və tələbələri Vətən müharibəsində qazanılan qələbənin əzəmətini bir daha qeyd etdilər. Tədbir, fakültənin tələbələrinin ifasında Azərbaycanın müstəqillik rəmzi olan Dövlət Himninin səslənməsi ilə başladı. Ardınca, Azərbaycanın çiçəklənməsi uğrunda əvəzsiz xidmətlər göstərmiş Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canlarından keçən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirin rəsmi hissəsində universitet rəhbərliyinin və fakültə dekanının çıxışları dinlənildi. Universitetin humanitar məsələlər üzrə prorektoru, dos. Gülsüm Fətəliyeva “8 noyabr milli qürur günümüz” mövzusunda çıxış edərək, bu qələbənin hər bir azərbaycanlının qəlbində oyatdığı böyük qürur hissini vurğuladı. Riyaziyyat və informatika fakültəsinin dekanı, dos. Oruc Hüseynov isə “Zəfər tariximiz” adlı çıxışında 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyətindən və qələbənin memarlarının fədakarlığından bəhs etdi. Tədbirin bədii hissəsi tələbələrin yüksək vətənpərvərlik ruhunda hazırladıqları çıxışlarla davam etdi. Sənət nömrələrində Zəfər ruhu, Qarabağ həsrəti və Vətən sevgisi əksini tapdı:
- Amin Məmmədli və Canan Şəmsiyeva tərəfindən ifa olunan “Azərbaycan” rəqsi böyük alqışlarla qarşılandı.
- Fakültə tələbələrindən ibarət xor kollektivi Vətən eşqi ilə dolu “Qarabağ” mahnısını səsləndirdi.
- Hacıyeva Rəbiyyənin ifasında “Turan eli” şeri tədbir iştirakçılarına duyğusal anlar yaşatdı.
- Aliyə Xəlilova və Amin Məmmədli “Yaşa Azad Azərbaycan” mahnısı ilə birliyin və azadlığın tərənnümçüsü oldular.
- Tədbirdə Mehralı Hüseynovun tarda ifa etdiyi məşhur “Heyratı” muğamı milli musiqimizin ruhunu salona gətirdi.
- Mehralı Hüseynov, Ceyran Əliyeva, Nurgün Mirzəzadə, Nuray Quliyeva, Aliyə Xəlilova ibarət vokal qrupunun ifasında “Torpağın səsi” və daha sonra təkrarən səsləndirilən “Yaşa Azərbaycan” mahnıları tədbirin ən yaddaqalan anlarından oldu.
- Sonda “Flashmob” rəqsi ilə çıxış edən tələbələr bir daha milli ruhu, dinamizmi və gəncliyin vətənpərvərliyini nümayiş etdirdilər.
Riyaziyyat və İnformatika Fakültəsinin təşkil etdiyi bu tədbir, həm akademik mühitdə, həm də gənc nəslin şüurunda Zəfər tarixinin, şəhidlərin xatirəsinin və Azərbaycançılıq ideologiyasının yaşatılması baxımından mühüm əhəmiyyət kəsb etdi. Tədbir, iştirakçılara bir daha Vətənə olan sevgini, qüruru və gələcəyə inamı aşıladı.