Gəncə Dövlət Universitetinin riyaziyyat – informatika fakültəsində təhsilin elektron idarəolunması (EDUMAN) üzrə fakültəmizin seçilmiş ixtisası olan informatika müəllimliyinin I-III kurs tələbələrinə “elektron kabinetin istifadəsi” (www.kabinet.gdu.edu.az) haqqında təlim keçirilmişdir. Təlimin təşkili və keçirilməsi riyaziyyat – informatika fakültəsinin EDUMAN platforması üzrə istifadəçisi, ümumi riyaziyyat kafedrasının laboratoriya müdiri Quliyeva Reyhan Vilayət qızı tərəfində həyata keçirilmişdir. Təlimdə tələbənin elektron kabinetinin 9 bölməsi haqqında ətraflı məlumat verildi və proyektor vasitəsilə əyani şəkildə tələbələrə göstərildi. Bu bölmələr aşağıdakılardır:
- Dərs cədvəli;
- İmtahan nəticələri;
- Elektron Jurnal;
- Tədris materialları;
- Sərbəst işlər;
- Fərdi tədris planı;
- Xəbərlər;
- Qaydalar;
- Əlaqə.
Belə ki, bu kabinet vasitəsi ilə tələbələr, hətta onların valideynləri (istifadəçi adı və şifrələrini bildikləri halda) istədikləri zaman, internetə çıxışı olan ixtiyari yerdən tələbənin təhsil prosesləri ilə bağlı operativ şəkildə müəyyən informasiyaları əldə edə bilərlər.
Təlimdə tələbələrin əziz müəllimi, fakültənin dekan müavini, fizika-riyaziyyat elmləri namizədi Məmmədov Rauf Məmməd oğlu da iştirak etmişdir. O, tədris işləri ilə əlaqədar tələbələrə müəyyən məlumatlar verdi, onları daha da nizam-intizamlı olmağa səslədi.
Təlimə həmçinin fakültənin saytının admini riyazi analiz kafedrasının dosenti Neymətov Nazim Əsədulla oğlu, tyutorlar Yusifova Günay İradil qızı, Dəmirova Elza Qəhrəman qızı və İmaməliyeva Aytac Şahin qızı da cəlb olunmuşdur.
Təlimdə tələbələrin bütün sualları dinlənildi, verilən hər bir suala Rauf müəllim və təlimçi Reyhan müəllimə səbrlə, ətraflı şəkildə cavab verdilər. Hiss olunurdu ki, tələbələr təlimə çox həvəslə yanaşdılar. Onların təlimə göstərdikləri maraq və verdikləri suallar bunu deməyə əsas verir.
Təlimin yekununda tələbələrə elektron kabinetlərinin istifadəçi adı və şifrələri paylanıldı. Son olaraq kabinet şifrələrini dəyişdirməkləri bir daha xatırladıldı.