Yəqin hər kəs bu fikirlə razılaşar. Biz 30 ilə yaxın bir müddətdir ki, torpaqlarımızın işğalda olması gerçəyi ilə yaşayırdıq. Uşaqlarımız, gənclərimiz bu tarixi öyrənərək böyüyürdü. Məktəbə başlayan kiçik uşağın ilk öyrəndiyi sözlərdən biri Şuşa olurdu. İllər ötdü, həmin kiçik uşaq böyüdü və bu tarixi dəyişdi. Biz bu gün ilk növbədə Cənab Ali Baş Komandanın, sonra isə onun əmrlərini canı bahasına yerinə yetirən həmin qəhrəman gənclərin sayəsində böyük bir qürur və fəxarət hissi ilə Zəfər günümüzü qeyd edirik.
Əminəm ki, bir il bundan qabaq yaşanan hadisələri burada əyləşən heç kim illər sonra belə unutmayacaq. Çünki bir il öncə gözlərimizin önündə bir tarix yazıldı. Ən qürurvericisi isə budur ki,bu tarixi yazan igidlər bəzimizlə eyni partada yanaşı oturmuş , bəzimizin qarşısında tələbə kimi əyləşmişdi. Bu cəsarət rəmzi insanların bir qismi indi aramızdadır. Bir qismi isə ən böyük zirvədədir – ŞƏHİDDİR. Onların həyat yolu və vətən üçün etdikləri fədakarlıq bizi bir tərəfdən qürurlandırır, bir tərəfdən dərin bir kədər hissinə büründürür. Bu qarışıq və fərqli hissləri mən VƏTƏNPƏRVƏRLİK adlandırardım. Çünki heç tanımadığımız bir şəhid ailəsi ilə qarşılaşdıqda hiss etdiklərimizi insana vətən sevgisindən başqa heç nə yaşada bilməz. Şuşanın azad olunması xəbərini alan hər kəs fərqli bir reaksiya verdi, amma son nəticədə hər kəsi küçələrdə birləşdirən qüvvə müəllimlərimizin, valideynlərimizin uşaqlıqdan könlümüzə səpdiyi vətən sevgisidir.
Biz Gəncəlilər üçün müharibənin mənası tamamilə başqadır. Çünki biz bir tərəfdən evimiz, canımız, sevdiklərimiz üçün qorxanda bir tərəfdən Cənab prezidentin ard –arda cəbhədən verdiyi xoş xəbərlərə sevinirdik. Bütün təhlükələrin qarşısında alnı açıq, üzü ağ durmaq asan deyildi. Amma biz bu gücü cəbhədən, qəhrəman ordumuzdan alırdıq. Tələbələrimizin qanıyla tarix yazdığı zamanda bizə ancaq mərd və məğrur olmaq yaraşırdı.
Bütün həmvətənlərim adına deyirəm ki, biz qanımızın hər damlasıyla sizə borcluyuq qəhrəman şəhidlərimiz! Biz sizə borcluyuq müzəffər prezidentimiz və qalib ordumuz! Biz sizə borcluyuq qorxmaz qazilərimiz! Biz sənə borcluyuq məğrur şəhid anası!
Bu borcu və yazdığınız tarixi unutmayacaq və unutdurmayacağıq. Zəfər günümüz mübarək!